Biznesini Yarat Marafonunun birinci seçim mərhələsini uğurla keçən şəxslərin biznes təlimlərinə start verilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən birgə icra olunan “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”nın ilk layihəsi - “Biznesini Yarat Marafonu”nun birinci seçim mərhələsini uğurla keçən şəxslərin biznes təlimlərinə start verilir.

Məqsədi işsiz və işaxtaran gənclərin məşğulluğunun təmin edilməsi olan Marafona qoşulmaq üçün 18-29 yaş kateqoriyasından olan 555 işsiz və ya işaxtaran gənc biznes ideyalarını qısa videoçarx şəklində proqramın veb saytında (www.gənc.az) və “GencAPP” mobil tətbiqində yerləşdirmişlər. Layihəyə müraciət qəbulu başa çatdıqdan sonra müraciətlər təqdimatın keyfiyyəti, anlaşılan və dolğun olması, layihə müəllifinin motivasiyası və zəruri bilikləri kimi meyarlar əsasında dəyərləndirilmiş və ikinci mərhələyə 127 nəfər şəxs vəsiqə qazanmışdır. Müraciətlər dəyərləndirilərkən Vətən müharibəsində iştirak etmiş, müharibədən zərər çəkmiş, habelə şəhid ailəsinin üzvü olan, əmək qabiliyyətli əlilliyi olan gənclərə üstünlük verilmişdir.

Növbəti mərhələyə keçmiş şəxslərə layihənin tərəfdaşlarından olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təlimlər keçiriləcək, həmçinin mentor dəstəyi göstəriləcəkdir. Təlimləri uğurla başa vuran şəxslərə Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən resurs və maliyyə dəstəyi göstəriləcəkdir.